Finaldan çıxacaq Avropa biletləri
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Sportlife.az xəbər verir ki, finalda “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək.
“Palms Sports Arena”da keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Final görüşü avrokuboklara vəsiqə baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, “Sabah” kuboku qazansa, Premyer Liqanı ikinci pillədə başa vuracaq komanda Avropa Liqasına vəsiqə əldə edəcək. Üçüncü yeri tutacaq kollektiv isə Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Dördüncü pillənin sahibi də Konfrans Liqasına yollanacaq.
Əgər kubokun sahibi “Zirə” olsa, “qartallar” Avropa Liqasına vəsiqə qazanacaq. Bu halda Premyer Liqanı ikinci pillədə başa vuracaq komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək. Dördüncü yeri tutacaq kollektiv isə avrokuboklardan kənarda qalacaq.
Hazırda çempionatda sona iki tur qalmış “Qarabağ” ikinci, “Turan Tovuz” üçüncü, “Neftçi” isə dördüncü sırada qərarlaşıb.