AFFA-dan “Neftçi”nin şikayətinə “yox” cavabı

  • Dünən, 12:55

AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, “Neftçi”nin “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verilən qərardan şikayəti rədd edilib və əvvəlki qərar qüvvədə saxlanılıb:

1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Çinar (Gəncə) klubunun (U-13 Liqası) “Çinar” (Gəncə) – “Yasamal” FM (Şəmkir) və “Çinar” (Gəncə) – “Qoşqar” (Gəncə) oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:

1. “Çinar” (Gəncə) klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. “Çinar” (Gəncə) klubu AFFA U-13 Liqasının Əsasnaməsinin 5.2-ci maddəsinin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə klubun qeydiyyatından keçirilmiş 4 oyunçu 7 mart tarixli “Yasamal” FM (Şəmkir) və 14 mart tarixli “Qoşqar” (Gəncə) komandalarına qarşı oyunlarda iştirak etdiyi üçün müvafiq oyunların nəticələri ləğv edilərək “Çinar” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 18 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.


Paylaş: